Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. 

Offsideplus.az xəbər verir ki, sentyabrın 14-də start götürəcək IV turda “Zirə” “Sumqayıt”ın qonağı olacaq.

Bu görüş iki komanda arasında ölkə çempionatlarında 17-ci duel olacaq. Bu oyunlarda üstünlük “Zirə”nin tərəfindədi. Komanda matçların yarıdan çoxunda – 9 dəfə qələbə qazanıb. Üç dəfə bir xalla kifayətlənən zirəlilər 4 qarşılaşmadan məğlub ayrılıblar. 33 qolun vurulduğu matçlarda top fərqi də “qartallar”ın xeyrinədi – 21:12. Komandanın əvvəlki 16 qarşılaşmadakı ən yaxşı bombardiri Aleksandr Dedovla Vüsal İsgəndərlidi. Onların hərəsi 3 dəfə “Sumqayıt”ın qapısına yol tapıb.

9-cu dəfə sumqayıtlıların qonağı olacaq “Zirə” qələbələrindən üçünü rəqib meydanında əldə edib. Eyni sayda məğlubiyyəti olan komanda iki dəfə bərabərliklə kifayətlənib. Bakılılar top fərqində üstünlüyə malikdi – 7:6.

Son oyunlara gəlincə, qəsəbə təmsilçisi ardıcıl üç qələbə qazanıb. 2019-cu ildəki iki matçda isə komanda qapısını da toxunulmaz saxlaya bilib.