Yeni mövsümün heyətini qurmaq üçün hərəkətə gələn "Keşlə"də böyük "təmizlik" olacaq.

Offsideplus.az-ın məlumatına görə, rəhbərlik müqavilə müddəti başa çatan əksər futbolçularla yollarını ayıracaq.

Dünən Slavik Alxasovla yeni sözləşmə imzalayan paytaxt təmsilçisində qalacaq daha 2 oyunçunun adına aydınlıq gəlib. Baş məşqçi Tərlan Əhmədov əcnəbilərdən ikisinin mütləq saxlanılmasını istəyib. Bunlar yarımmüdafiəçi Con Kamara və hücumçu Conatan Ayitedi.

Kamaranın müqavilə müddəti, onsuz da, gələn ilin yayına qədərdi və rəhbərlik sierra-leoneli ilə yola davam qərarı verib. Anlaşma müddəti bitən fransalı Ayiteyə isə yeni müqavilə təklif olunub və razılıq əldə edilib.

Qeyd edək ki, müdafiəçi Denis Silva ilə vidalaşmağı planlaşdıran "Keşlə" həmçinin sözləşməsi bitən digər əcnəbilərlə də yeni sazişə yaxın durmur. (matc.az)