“Oyunçularımı təbrik edirəm. Qalib gəlməklə yanaşı yaxşı oyun göstərdilər. Bəlkə, hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq elə də asan olmadı. "Keşlə" komandası oyunboyu bizə təzyiq göstərdi. Ancaq oyunçularımın mübarizəsindən razıyam". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məqşçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə "Keşlə" ilə keçirilən matçdan (3:0) sonra deyib.

O, daha sonra komandanın dekabr ayından bu yana qazandığı böyükhesablı qələbələri barədə də danışıb: "Biz özümüzü göstərmək üçün yox, sadəcə işimizi görürük. Hər oyuna peşəkar yanaşırıq. Belə hesablar dünya futbolunda da olur. Ən böyük turnirlərdə belə böyük hesablar qeydə alınır. Dekabra kimi bizdə çox çətin dönəm idi. Bu, həmişə belə olur. Ancaq yenə də hər oyuna yaxşı hazırlanmağa çalışırıq. Bu oyun dediyim kimi heç də asan olmadı. Biz bütün hesablara hazır olmalıyıq. Qətiyyən arxayınlıq olmamalıdır.

Mövsüm başlayandan rahat oyun olmayıb. Xal itkiləri hər zaman ola bilər. Çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Və biz hamısına hazır olmalıyıq".

Təcrübəli mütəxəssis kubokun finalının Naxçıvanda keçiriləcəyi barədə yayılan söz-söhbətlərə belə münasibət bidlirib: "Bu, biz klublara aid olan bir qərar deyil. Mən həmişə deyirəm ki, kubok tamam ayrı bir turnirdir. Hər kəs yaxşı stadionda, yaxşı şəraitdə oynamağı istəyir. Bizim buna etiraz bildirməyimiz doğru olmaz. Hansı qərar verilsə, biz gedib oynamalıyıq. Ola bilsin bölgələrdə futbolun inkişafı üçün bu addımı atırlar. Finala çıxsaq, harda olamağından asılı olmayaq gedib oynacayıq".(qol.az)