“Neftçi”nin prezidenti Kamran Quliyev  Premyer Liqanın 15-ci turunda “Qarabağ”la səfərdə 1:1 hesabı ilə heç-heçə oynadıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, K. Quliyev iddialı fikirlər səsləndirib.

- 1:1 hesabını oyunun sonuna kimi qorudunuz və səfərdə məğlub olmadınız...

- Təbii ki, oyun “Qarabağ”ın meydanında idi. Amma bu gün sanki biz öz evimizdə oynayırdıq. O qədər azarkeşimiz gəlmişdi ki. Komandamızı tək qoymadılar. Həm ab-hava, həm də nəticə gözəl idi. Ən önəmlisi çox gözəl oyunun şahidi olduq. Öz komandamı təbrik edirəm.

- Sizcə, heç-heçə kimə sərf edir?

- Nə deyim. Hal-hazırda turnir cədvəlində liderik. Ola bilər ki, daha çox bizə sərf edir. Amma bu oyun 6 xallıq idi. Ona görə də məncə, “Qarabağ”a qələbə daha çox lazım idi. Gözəl qarşılaşma oldu. Gəlin, etiraf edək ki, fasilədən sonra belə oyunlar az-az olur.

- Siz paltardəyişmə otağına daxil olanda alqış sədaları yüksəldi. Bu nəticəyə görə komandaya xüsusi mükafat veriləcək?

- Nə olacaqsa, o, bizim aramızda qalacaq.

- Yəqin məlumatınız var, sizin azarkeşlərinizə bilet satılıb. “Qarabağ” klubuna belə bir müraciət etmisinizmi?

- Bilirsiniz, biz istəyirik ki, azarkeşlər stadiona gəlib həm həzz alsın, həm də bilet almaqla komandalarına xeyir versinlər. Siyasətimiz əvvəl necə idisə, elə də davam edir. Hesab edirəm ki, qiymət də münasibdir. Elə də böyük məbləğ deyil. Ona görə biz müraciət etdik. Sağ olsunlar, bu qədər adam bilet alıb, stadiona daxil olmuşdu. Əks reaksiya olmadı. Bugünkü azarkeş dəstəyinə söz ola bilməz.

- Yaxşı oyun izlədiyinizi qeyd etdiniz. Amma meydanda görünən o idi ki, “Neftçi” daha çox müdafiə olunurdu. Oyuna da 5 müdafiəçi ilə başlamışdı. 10 nəfərlə qaldıqdan sonra rəqibi daha çox meydanın özünə aid hissəsində qəbul etməyə başladı. Həqiqətənmi “Neftçi” kimi bir komanda, turnir cədvəlinin lideri bu cür oyundan sonra sevinir?

- Əvvəla deyim ki, “Qarabağ”ın hansı futbolu oynadığı hamıya bəllidir. Amma mən sizin dediyinizlə tam razı deyiləm. İkinci hissənin əvvəlində “Qarabağ” demək olar ki, top görmədi. Qol epizodlarımız da oldu. Hesab edirəm ki, bizim uşaqlar bu gün məşqçinin bütün tapşırıqlarını yerinə yetirdi. Müdafiəyəmeyilli deyəndə ki, bu stadionda, bu ab-havada, biz təbii olaraq, nəticəni düşünürdük. Sırf gözəl oyun nümayiş etdirək, şou göstərək kimi bir fikrimiz yox idi. Yenə deyirəm, 6 xallıq oyun idi. Hansısa yolla biz bir xalı qazandıq. Özünüz də gördünüz ki, uşaqlar nə qədər qaçdılar. Ona görə də sevinirəm.

- Hakimliklə bağlı nə deyə bilərsiniz. Hər komandadan bir futbolçu qırmızı vərəqə gördü. Sanki referi oyunu tez-tez saxlamaqla, tempi öldürürdü.

- Hesab edirəm ki, bu gün ilk növbədə futbol qalib gəldi. Hakimlərin işini hakim-inspektorlar, onların öz rəhbərliyi təhlil edə bilər. Mən hakimlərlə bağlı nə deyim ki? Siz bu gün futbol gördünüz. Hakim oyunu sındırmadı.(qol.az)