"Qəbələ" klubu Miloş Yevtiçin əvəzinə fiziki hazırlıq üzrə yeni məşqçi dəvət etməyəcək. 

Offsideplus.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. Onun sözlərinə görə, məşqlərdə fiziki hazırlığa nəzarəti Elmar Baxşıyev və yeni təyin olunmuş Zaur Həşimovla birgə həyata keçirəcəklər: "Biz məşqin necə keçəcəyinə birlikdə baxırıq. Hər şey - fiziki, texniki və taktiki hazırlığımız plan üzrə gedir, dəyişən bir şey yoxdur. Ola bilər ki, fiziki hazırlıq üzrə məşqçini gələcəkdə də dəvət etməyək. Zaman belə tələb edir və biz də belə addım atırıq. Əlbəttə, hər bir komandaya fiziki hazırlıq üzrə məşqçi lazımdır. Amma düşünürəm ki, biz işimizin öhdəsindən gələ biləcəyik. Gələcəkdə nə olacağını isə deyə bilmərəm".

S.Qurbanov köməkçiləri ilə iş bölgüsü apardıqlarını da diqqətə çatdırıb: "Biz eyni məşqçilər korpusundayıq. Birlikdə məşqlərimizi yazır və müzakirələrimizi aparırıq. Kimin hansı işi görəcəyini bölmüşük. Anlaşmamız da yaxşıdır".

Baş məşqçi M.Yevtiçin "Qəbələ"dən ayrılma səbəbini də açıqlayıb: "Miloş yaxşı və işini bilən mütəxəssisdir. Digər klublardakı fiziki hazırlıq üzrə məşqçiləri tanımadığım üçün onlar barədə bir söz deyə bilmərəm. Yevtiçlə danışığımız olmuşdu ki, qışa qədər bizimlə işləyəcək, sonra isə komandadan ayrılacaq. İşinə görə ona təşəkkür etdik". 

Gənc mütəxəssis qış hazırlıq prosesində komandaya baxışa yeni oyunçuların cəlb olunacağını da diqqətə çatdırıb: "Hazırda Mehdi Mehdiyevi sınayırıq. Əvvəllər "Qaradağ Lökbatan"da və Türkiyənin BAL Liqasında çıxış edib. Hələlik hər hansı qərar verməmişik. Bundan başqa "Qəbələ" Futbol Akademiyasının yetirmələrindən Təbriz İsazadə və İzzət Müştaqovu dəvət etmişik. İki gündür ki, bizimlə toplanışdadırlar. U-19 milli komandasına cəlb olunan futbolçularımız var. Onlarla Antalyada görüşəcək, hazırda U-19 yığmasının düşərgəsində olanlardan 2-ni cəlb edəcəyik. Onlar yanvarın 24-də Rusiya "Fakel"i ilə keçirəcəyimiz matçda çıxış edəcəklər. Toplanışa 20 futbolçu ilə yollanmaq istəyirik. Orada baxışa gələn gənc futbolçular da olacaq və onlara baxacağıq. Hansı ölkəni təmsil etdikləri və sayları hələ dəqiq deyil. Afrikadan olanlar da var, Braziliyadan da". 

S.Qurbanov məşq vaxtı hücumçu mövqeyində sınadığı və het-trik edən üçüncü qapıçı Murad Popovun rəsmi oyunlarda meydana elə bu mövqedə çıxma variantını isə istisna edib: "İkitərəfli oyun zamanı komandalardan birində oyunçu çatmırdı. Buna görə Muradı oynatdıq. Popov həmişə oynayır, yoxlayırıq və maraqlı çıxışları var. Bu gün də onlardan biri oldu. Amma rəsmi matçlara meydan oyunçusu kimi çıxması mümkün deyil (gülür - red.). Bu, sadəcə məşq üçün idi. Qollarını da məşqdə vurdu".

Qeyd edək ki, Miloş Yevtiç fəaliyyətini Qazaxıstanın "Ordabası" klubunda baş məşqçi Kaxaber Tsxadadzenin köməkçisi kimi davam etdirəcək.