Noyabrın 30-da Formula 1 yarışları üzrə 2019-cu il dünya çempionatının sonuncu, Əbu-Dabi Qran-Pri mərhələsində məşhur “Sotbis” hərrac evi növbəti hərrac keçirəcək.

Bu dəfə satışa çıxarılan ən qiymətli lot yeddiqat dünya çempionu Mixael Şumaxerin 2002-ci ildə öz titullarından birini qazandığı “Ferrari” bolidi olacaq.

Offsideplus.az xəbər verir ki, bu maşının satışından əldə ediləcək vəsaitin bir hissəsi Şumaxerlər ailəsinin xeyriyyə fonduna köçürüləcək.

Əfsanəvi bolid Əbu-Dabiyə göndəriləndən əvvəl Mixaelin oğlu, Formula 2 yarışlarının pilotu Mik Şumaxer həmin maşının sükanı arxasına keçib. Gənc alman pilot Fyorana trasında maşını sınaqdan keçirib.

2002-ci il nümunəli bu maşının hərracda 7,5 milyon dollara satıla biləcəyi gözlənilir.