44 yaşlı norveçli yürüşçü Petter Solberq özünün peşəkar karyerasının başa çatmasını elan edib. 

Offsideplus.az xəbər verir ki, idmançı bəzi yarışlarda çıxışını davam etdirəcək və vidalaşma turunda iştirak edəcək. Solberq, eyni zamanda, böyük seriyalarda çıxışlardan da imtina edəcək.

"Mən artıq 20 ildir çıxış edirəm. Bu, uzunmüddətli vaxtdır və mən qərar verdim ki, bitirmək zamanıdır. Onu deyə bilərəm ki, dəbilqəni bir kənara qoymağı planlaşdırmıram. Ən azından tamamilə deyil. Mən gözəl işlərlə məşğul olmaq, yüksək dərəcəli tədbirlərdə iştirak etmək istəyirəm.

Məsələn, ola bilər ki, İsveç Rallisində iştirak edim. Mən, həmçinin dəvət alacağım təqdirdə "Rallyday”də çıxış edə bilərəm. Bu cür promotədbirlər xoşuma gəlir. Avtomobili necə idarə etməyim insanlarda müsbət emosiyalar yaradır. Mən bunu davam etdirmək istərdim. Lakin dünya çempionatı ilə işimi bitirdim. Yetər!”, - deyə "Motorsport” Solberqdən sitat gətirir.

2003-cü ildə ralli üzrə dünya çempionu olan Solberq, həmçinin ralli-kross üzrə dünya çempionatının ikiqat qalibidir.(sport7.az)