Bakıda martın 14-də start götürəcək idman gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyətləri rəhbərləri və nümayəndələrin görüşü keçirilib. 

Offsideplus.az xəbər verir ki, görüş zamanı Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə yarış iştirakçılarının sayının artdığını deyib. O əlavə edib ki, Dünya Kuboku 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək.

Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə texniki nümayəndəsi Kim Daudell və kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Ceff Tomson yarışın təşkilində görülmüş işə görə AGF-nin Təşkilat Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra Dünya Kubokunun püşkatma mərasimi keçirilib.

Qeyd edək ki, 41 ölkənin idman gimnastları arasında Dünya Kuboku Milli Gimnastika Arenasında keçiriləcək və dörd gün davam edəcək.(sportnet.az)