Fevral ayının 12-də AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) 2018-ci il üçün ümumi hesabat iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, tədbirdə qurumun rəhbər şəxsləri, həmçinin məşqçilər, hakimlər, digər ağır atletika mütəxəssisləri iştirak ediblər.

İlk olaraq federasiyanın baş katibi Rizvan Rəsulov zala toplaşanları salamlayıb. O, iclasın 2018-ci ildə AAAF tərəfindən görülən işlərin hesabatına həsr edildiyini qeyd edib.

Sonra Rəsulov federasiyanın ötən ildəki fəaliyyəti ilə bağlı geniş hesabatla çıxış edib. Baş katib Azərbaycan Respublikasi Ağır Atletika Federasiyası İctimai Birliyinin 2008 və 2012-ci il Olimpiya Oyunlarında çıxış edən atletlərdən götürülən nümunələrin yenidən analizi nəticəsində çıxan dopinq qərarına görə aldığı bir illik cəza və bu cəza nəticəsində yaranan problemlərin həlli, durumdan çıxış istiqamətləri barədə həyata keçirilən işlər haqqında danışıb. O, həmçinin ilboyu təşkil olunan daxili yarışlar, təlim-məşq toplanışları, mütəmadi keçirilən anti-dopinq seminarları və çoxsaylı yoxlamalar, paytaxt və regionlarda idman qurğularının inşası və bərpası, zallara ağır atletika avadanlıqlarının paylanılması, çəkilən xərclər, il ərzində beynəlxalq yarışlarda əldə olunan nəticələr barədə məlumat verib.

Hesabat dinlənildikdən sonra iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.
Sonda hesabat səsə qoyulub və yekdilliklə qəbul olunub.