Günümüzün bəlasına çevrilən koronavirus pandemiyası ölkə futboluna da mənfi təsir göstərməkdədir.

Son bir ayda Premyer Liqada mübarizə aparan komandalarda kütləvi yoluxma hallarının müşahidə olunması ciddi fəsadlara yol açdı. Məhz yoluxma səbəbindən 12-ci tur təxirə salındı, çempionatda iki həftəlik fasilə müşahidə olundu, nəticədə turlar "sürüşdürüldü". Şükürlər olsun, hazırkı durum əvvəlkinə nisbətən xeyli yaxşılaşıb.

Lakin bu, futbolumuzun təhlükədən tam qurtulması anlamına gələ bilməz. Bildiyiniz kimi, dekabrın 24-də baş tutacaq 13-cü turun oyunlarından sonra komandalar fasiləyə çəkiləcək. Yerli futbolçular ölkədə qalacaqlarsa, legionerlər Milad və Yeni il bayramını əzizləri ilə qeyd etmək üçün vətənlərinə yollanacaq Bir çoxu bayramları restoranlarda qeyd edəcək, virusdan qorxanlar isə yaxınlarını başına yığıb evdə çal-çağır edəcək. Böyük kütlənin olduğu təyyarə ilə gediş-gəliş isə bir ayrı dərddir. 

Belə olduğu halda legionerlərin infeksiyaya bulaşmaq ehtimalı xeyli artır. Azərbaycana gələrkən verdikləri testin cavabı müsbət çıxsa, ölkələrində  müəyyən müddət karantinə alınacaqlar. Bura sağlam qayıdanların virus daşıyıcı olması isə sonradan aşkarlana bilər. Çünki COVİD-19 öz təsirini müəyyən vaxtdan sonra göstərir. Qısası, futbolumuzu növbəti bəla gözləyir.

Bunun üçün nə etmək olar?

Çıxış yolu birdir. Legionerləri xahiş-minnətlə burda saxlayıb, ətraf mühitdən təcrid etmək. Lakin bu da asan iş deyil. Çünki müqavilə şərtlərinə əsasən futbolçular ildə iki dəfə ölkələrinə yollanmaq haqqına sahibdirlər. Digər tərəfdən, onları doğmalarından ayrı salmaq çox ciddi fəsadlara - psixoloji sarsıntıya, həvəssizliyə yol aça bilər. Yəni kənardan göründüyü qədər asan iş deyil.

Maraqlıdır, baş məşqçilər bu haqda nə düşünür? Toxunduğumuz məsələ onları nə dərəcədə narahat edir? Elita təmsilçilərinin hamısıyla olmasa da, bəzilər ilə əlaqə saxladıq.

Samir Abasov, "Neftçi"“Açığı, bu haqda çox fikirləşmişik, müzakirələrimiz olub. Əlbəttə, olduqca vacib məsələdir. Təbii ki, baş məşqçi kimi məni də narahat edir. Elə şeylər var kənardan başqa cür görünür, içəridən tam başqa cür. Bizdə elə futbolçular var ki, ilboyu ailələrini, əzizlərini görməyiblər. Saman Nərimancahan, Voislav Stankoviç belələrindəndir. Onları və digərlərini burda məcbur saxlamaq çıxış yolu deyil. Legionerləri məcbur Bakıda saxlamağın fəsadları koronavirusa yoluxmaqdan daha təhlükəli ola bilər. Koronavirus xəstəsi 1-2 həftəyə sağalır, amma futbolçu psixoloji sarsıntı keçirəndə, ya da işinə həvəssiz yanaşanda onu aylarla sağaltmaq olmur. Özüm də futbolçu olmuşam, onları başa düşürəm. Ona görə də gedib dincəlsinlər, yorğunluğu canlarından atsınlar. Allahın köməkliyi ilə ciddi bir şey olmaz”.

Elmar Baxşıyev, “Qəbələ”: “Əlbəttə, hər birimizi düşündürən məsələdir. Hazırlıq üçün vaxt azdır və belə vəziyyətdə legionerlərin koronavirusa yoluxması işimizi çətinləşdirə bilər. Lakin biz məsələyə fərqli prizmadan yanaşırıq. Futbolçudur, aylarla məşqlərdə, oyunlarda əziyyət çəkir, başqa ölkədə doğmalarından uzaqda yaşayır. Ona görə də ildə 1-2 dəfə ailələrinin yanında olmaq onların haqqıdır. Bu haqqı onların əlindən almağın təsiri koronavirusa mümkün yoluxmaqdan da pis olacaq. Futbolçu, həkim, müəllim, jurnalist – hansı sahədə çalışmasından asılı olmayaraq insan üçün psixoloji amil olduqca önəmlidir. Psixoloji durum yerində deyilsə, nəsə gözləməyə dəyməz. Bir də ki, virusa burda qalmaqla da yoluxa bilərlər. Necə ki, “Sumqayıt”la oyundan əvvəl səkkiz futbolçuda virus aşkarlanmışdı.

Heç bir problem yoxdur. Gedib istirahət etsinlər. Allah eləməsin, legionerləri itirsək, gənclərin xidmətindən yararlanarıq. Mövcud vəziyyətlə barışmaqdan başqa çıxış yolumuz yoxdur”.

Aftandil Hacıyev, “Səbail”: “Çox həssas mövzuya toxunmusuz. Əlbəttə, bu məsələ bizi də narahat edir. Bura qayıdandan sonra virusa yoluxması bir tərəfə, ola bilsin Azərbayacana qayıtmaq üçün test verəndə nəticə ürəkaçan olmaz və buna görə kimsə iki həftə ölkəsində qalar. Bu da istər-istəməz toplanışın gedişatına təsirsiz ötüşməyəcək.

Amma elə futbolçularımız var ki, bu il ölkələrinə getməyiblər, neçə vaxtdır doğmalarını görmürlər. Ona görə də, çox güman, əcnəbilərə 10 günlük icazə vermişik. Guya onları burda saxlamaqla nəsə düzələcək? Xeyr. Əksinə, daha ciddi fəsadlara yol açacaq. Yerli futbolçuların hamısı əzizlərinin yanında, legionerlər isə bayram günlərində doğmalarından uzaqda. Belə olan halda məşqdə, oyunda həmin futbolçudan nə tələb edəsən? Etdiyi məşq, oynadığı futbol nə olacaq?

Hər gün vəziyyət dəyişir, yeni qərarlar qəbul olunur. Görək nə olacaq”.