"Qarabağ" dekabrın 10-da Avroliqanın qrup mərhələsinin sonuncu turu çərçivəsində səfərdə "Vilyareal"ın qonağı olmalıdır.

Bunun üçünsə komanda üzvləri birisigün səhər İspaniyaya yollanmalıdır. 

Koronavirusun ildırım sürəti ilə yayılıb "Qarabağ"lıları da yaxaladığı məqamda İspaniya səfəri müəyyən mənada sual altına düşür. Üç gün öncə 5 futbolçuda infeksiya aşkarlanmışdı. Abbas Hüseynovsa buna görə İstanbuldan Bakıya qayıda bilməmişdi. Üstəlik, sabaha, yəni səfər üçün test veriləcək vaxta qədər yoluxma sayının artması mümkün görünür.

Maraqlıdı, UEFA-nın pandemiya ilə hazırladığl yeni qanun toplusunda koronaviruslu xəstələr üçün nə yazılıb? Neçə futbolçunun testinin cavabı müsbət çıxmalıdır ki, komanda səfərə yollanmasın? Hər halda Avropanın ali futbol qurumunun yenilənmiş Əsasnaməsində bununla bağlı bənd var. Kiçik araşdırma apardıq və işin içi məlum oldu.

Offsideplus.az xəbər verir ki, 3-5 futbolçunun infeksiyaya bulaşması ilə heç nə olmur. Oyunun baş tutmaması üçün komandalardan birində kütləvi yoluxma baş verməlidir. Klubun UEFA-ya təqdim etdiyi A siyahısında adı olanlardan 13 futbolçu sağlamdırsa (onlardan 1-i mütləq qapıçı olmalıdır), komanda səfərə yollanmalı, oyun keçirilməlidir. Bu isə o deməkdir ki, "Qarabağ"ın İspaniyaya səfər etməməsi üçün ya qapıçıların hamısı xəstələnməlidir, ya da ağdamlıların UEFA-ya təqdim etdiyi siyahıda adı olan 23 nəfərdən, Allah eləməsin, 11-nin test cavabı müsbət çıxmalıdır. 

Bir başqa sual: "Qarabağ" kütləvi yoluxma səbəbindən İspaniyaya yollana bilməsə, nə baş verəcək? Təmsilçimizə 0:3 hesablı texniki məğlubiyyət veriləcək.