Sabah ölkə futbolsevərlərinin diqqəti “Bakcell Arena”da olacaq. “Neftçi” – “Zirə” qarşılaşmasındakı prinsipial məqamlar bir deyil, iki deyil. Xırdalıqlara varsaq, bu iki komanda arasında son 5 ilə təsadüf edən o qədər xüsusi amili önə çəkmək olar ki...

Lakin bu dəfəki söhbət başqadır. Əsas dava təbii ki, yer davasıdır. Yayda “sökülüb”, yenidən yığılmasına baxmayaraq, “Zirə” çempionata kifayət qədər inamlı başlayıb. Bunun nəticəsidir ki, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar, “Neftçi”dən öndədilər. Qonaqların sabahkı mümkün qələbəsi zirəlilərin bakılılardan uzaqlaşmasına səbəb ola bilər ki, belə olacağı təqdirdə “Neftçi” yığıb-yığışdırmaq olmayacaq. Əksi yaşanarsa, “ağ-qaralar” yuxarı qalxa, “Qarabağ”ın xal itirməsi fonunda hətta liderliyə yüksələ bilərlər. Qısası, qələbə hər iki tərəf üçün olduqca vacibdir.

Məsələnin ikinci tərəfi, baş məşqçilərin dueli. Samir Abasov Premyer Liqada yeni deyil. İndiyə qədər komandada əsas söz sahibi kimi iki dəfə özünü göstərməyə çalışıb. “Neftçi” üçüncü dayanacağıdır. Rəşad Sadıqovun da “Zirə”yə qədər təcrübə topladığı komandalar olub. “Qarabağ”ın U-19-nu çempion edib, U-21-i təsnifat mərhələsinin oyunlarına çıxarıb. Di gəl, Premyer Liqada baş məşqçi kimi bu il debüt edir. Bu isə o deməkdir ki, sabahkı matç həm də Samir Abasovla Rəşad Sadıqovun baş məşqçi kimi ilk dueli kimi tarixə düşəcək.

Azarkeşlər daha çox çılğın məşqçiləri sevir. Hər epizoda kəskin reaksiya verən, qaçırılan qol imkanlarına görə özündən çıxan, hakimləri “yeməyə” hazır olan, şübhəli anlarda meydana daxil olmağı özünə borc bilən məşqçiləri. Sabah həm də sadalanan xüsusisiyyətləri özündə daşıyan iki məşqçi üz-üzə gələcək. Çılğın Sadıqovla hər an "partlamağa" hazır Abasovun 90 dəqiqə boyunca texniki zonadakı davranışlarını izləmək xüsusi maraq kəsb edəcək.

Sonuncu və olduqca önəmli məqam. Samir Abasovun “Zirə”yə rəqib olması. Xatırlayırsızsa, 42 yaşlı mütəxəssis 2018-in yayında bu komandaya baş məşqçi təyin olunmuşdu. İlk ilində ciddi nəticəyə imza ata bilmədiyindən, rəhbərlik ona növbəti dəfə şans vermişdi. Lakin 2019-20 mövsümünün əvvəlində onunla yolların ayrılmasına qərar verilmişdi. Abasov həmin vaxt ağzını açıb söz deməsə də, başbilənlərin səbrsiz davrandığı fakt idi. Odur ki, yığmanın sabiq üzvü sabah həm də “Zirə” rəhbərliyinə nəyə qadir olduğunu göstərməyə çalışacaq.