Milli UEFA Millətlər Liqasındakı növbəti çıxışını başa vurdu. Ötən il ölkənin bir nömrəli komandası 6 oyundan sonra 9 xal toplamaqla qrup 2-cisi olmuşdusa, bu dəfə eyni sayda oyunda 6 xal əldə etmək mümkün oldu. Yekunda 3-cü yer.

Təbii, indiki halda Canni de Byazinin uğursuzluğa səbəb göstərmək üçün əsasları var. Futbolçuları yaxından tanımaq üçün vaxtı olmadı, daim zədəli və cəzalı futbolçuların yoxluğunda “baş sındırdı”, pandemiya və sair.

Ona görə də millinin topladığı 6 xala yox, başqa bir sual doğuran məqama – Canni de Byazinin iş başında olduğu müddətdə nə ilə yadda qaldığına diqqət yetirmək vaxtıdır. Onsuz da yığmanın bugünkü halından danışmalı olsaq, boşuna başımızı ağrıtmış olacağıq.

Gələcəyin komandasını qurur

“Sükan” arxasına keçən kimi ilk işi gəncləşdirmə siyasəti yürütmək oldu. Öz istəyi idi, yoxsa AFFA rəhbərliyinin – fərq etmir. Faktiki, qarşıda duran məqsəd bu idi. Ona görə də ölkə xaricində top qovan legionerlərdən başqa, Rauf Əliyev, Riçard Almeyda (son vaxtlar “Zirə”də xoş təsir bağışlayırdı) kimilərin timsalında yaşı 30-u keçənlərə ehtiyac duymadı. Əvəzində ölkə çempionatında top qovan yerlilərin demək olar hamısına özünü göstərmək imkanını bəxş etdi. 10-a yaxın futbolçu qısa müddətdə milli formasında debüt etməklə yadda qaldı. İtalyan çalışdırıcının başlıca hədəfinin gələcəyə hesablanmış komanda qurmaq olması göz qabağındadır.

İtalyan futbolunu aşılayır

Oyun planından danışmalı olsaq, ilk növbədə yığmanın statistik göstəricilərinə nəzər salmalıyıq. 6 oyunun 3-ü qolsuz bərabərliklə sonuclanıbsa, digər 3 qarşılaşmada yığma 2 top vurub, qapısından 4-nü buraxıb. Həmin 4 qol 2 oyuna təsadüf edib.

Sözsüz, münasib rəqiblərlə 6 dueldə rəqib qapılarına cəmi 2 dəfə yol tapmaq ortaya ciddi suallar çıxarır. Lakin indiyə qədər az qala hər oyunda topu qapısından çıxaran komandanın 6 görüşün 4-də top buraxmaması sevindirici hal kimi qiymətləndirilməlidir. Bu gün yığma ürəyə yatan yox, ürəyi yatırdan futbol nümayiş etdirir, bu, birmənalıdır. Nə düşünülmüş hücumlar var, nə top saxlamağı bacarırlar, nə də hansısa oyun elementləri. Çünki baş məşqçini bu gün üçün əsas hədəfi məğlubiyyətlərdən qaçmaqdır. Bunun üçünsə qol buraxmamaq əsas şərtdir. Qol buraxmamaq üçünsə müdafiəyə xüsusi diqqət ayırlmalıdır. Qısası, “koç” hələ ki, praqmatik İtalyan futboluna sadiqliyini nümayiş etdirir. Lakin bu cür müdafiə olunmaqla nə qədər uzağa gedə biləcəyimizi əminəm ki, baş məşqçinin özü də bilmir.

Gülərüz, səbrli, istiqanlı...

Baş məşqçi, başqa cür desək, rəhbərsənsə, görməli olduğun əsas işlərdən biri ətrafdakılarla əla münasibət qurmaqdır. Bu mənada Canni de Byazinin bacarığına söz ola bilməz. Hələ Azərbaycana gəlməmişdən əvvəl sosial şəbəkələrdə çağırışlar edir, statuslar paylaşır, bununla da bizlərdən biri olduğunu göstərmək istəyirdi.

İşə başlayandan sonra da dəyişmədi, əksinə, yaxınlaşmaq üçün daha bir addım atdı. Mətbuat konfranslarında “iynəli” suallar onu özündən çıxarmırdı. Hər suala ətraflı cavab verir, reallığı izah etməyə çalışırdı. İkinci Qarabağ Müharibəsinin qaynar vaxtında daim gündəmdə qaldı, açıqlamaları ilə Qarabağ həqiqətlərini onu tanıyanlara çatdırmağa çalışdı.

Vüsal İsgəndərlini milliyə dəvət etmədiyini görə qınanırdı. Digər həmkarları kimi “qərar mənimdir, lazım biləndə çağıracam” şəklində cavab vermədi. Vüsalın çatışmazlıqlarını dedi və yekunda dəvət göndərdi.

Qısası, insani və məşqçi keyfiyyətlərinə söz ola bilməz. Adam Albaniya millisini Avropa çempionatının final mərhələsinə daşıyıbsa, bir neçə il A seriyasında çalışıbsa, demək ki, bacarıq sahibidir. Sadəcə, özünün də dediyi kimi zamana ehtiyac duyur. Təbii ki, futbolçuların işə yanaşmasından və iradlardan nəticə çıxarmasından da çox şey asılıdır.

HƏBİB