OFFSİDE Sport Media milli şahmat haqqında silsilə yazılarını davam etdirir. Bu dəfə Azərbaycan  Şahmat Federasiyasının maliyyələşmə məsələsi, bu sahədə anlaşılmazlıq və qeyri-peşəkarlıqdan söhbət açılacaq.

 

Keçmiş Sovet İttifaqının əksər respublikalarında şahmat assosasiyalarını İdman Nazirliyi maliyyələşdirir. Nazirlik tərəfindən ayrılan vəsait şahmat üzrə turnirlərin keçirilməsi, layihə və proqramların icra olunmasına yönəldilir. Məsələn, 2015-ci ildə Gürcüstanın Gənclər və İdman Nazirliyi 43-cü Ümumdünya Şahmat Olimpiadasına qədər (2018, Batumi) yerli federasiyaya 21 milyon ABŞ dolları ayrılacağını elan etməklə diqqət çəkmişdi.

Nazirlik maliyyələşdirmir, sponsor rəsmən açıqlanmır

Azərbaycanda Gənclər və İdman Nazirliyi (GİN) Şahmat Federasiyasını birbaşa maliyyələşdirmir. Bunu GİN mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyir. Onun sözlərinə görə təlim-məşq toplanışları, şahmatçıların yarışlara göndərilməsi, ezamiyyət xərcləri üçün müəyyən vəsait ayrılır. Bu məbləğ 250 min, 2018-cu ildə 200 min manat təşkil edib. Qeyri-olimpiya idman növlərindən ən çox vəsaiti populyarlığı, qazanılan müvəfəqiyyətləri nəzərə alaraq şahmata ayrılan vəsaitə xüsusi diqqət yetirilir. AŞF sponsor dəstəkli federasiya olduğuna görə nazirliyə maliyyə hesabatı vermir.

A1

“İdman federasiyaları hər ilin sonunda növbəti il üçün nəzərdə tutulan turnirlər haqqında məlumatı Gənclər və İdman Nazirliyinə təqdim edirlər. Bunun əsasında təqvim planı tərtib olunur və federasiyalara göndərlir. Həmin təqvim planına uyğun olaraq federasiyalar, o cümlədən AŞF üçün büdcə ayrılır. İdmançıların aylıq maaşını GİN ödəmir. Amma onlar rəsmi yarışlara nazirlik xəttilə göndərilir. İdmançıların yola salınması, yerləşdirmə, təlim-məşq toplanışları xərcləri nazirlik tərəfindən maliyyələşdirilir. Bu, kommersiya məqsədli turnirlərə şamil olunmur. Lakin istisnalar da mümkündür. Məsələn, istedadlı şahmatçı kommersiya turnirinə qatılmaq istəyir. Yarış nazirliyin əsasnaməsinə uyğun gəlirsə, idmançıya maddi dəstək göstərilir. GİN əsasnaməsinə görə minimum 13 ölkənin qatılmadığı turnir nəzərdən keçirilmir" - S.Məmmədova bildirdi.

Belə aydın olur ki, AŞF və hansısa qurum arasında sponsorluq anlaşması var. Həmin sponsorun SOCAR olduğunu təxmin etmək elə də çətin deyil. Şirkətin nümayəndəsi Mahir Məmmədov federasiyanın vitse-prezidenti vəzifəsini icra edir. Amma AŞF və SOCAR arasında əməkdaşlıq müqaviləsinin detalları barədə heç bir məlumat yoxdur. Ümumiyyətlə tərəflər arasında münasibətlərin rəsmi təsdiqinə rast gəlinmir. Bunun fonunda direktoru Mahir Məmmədov olan "SOCAR Georgia"nın Gürcüstan Şahmat Assosasiyasının layihələrinə 2008-ci ildən rəsmi sponsorluq etdiyi heç kimə sirr deyil. AŞF-nin də son 10 ildə rəsmi sponsorları olub. Elman Rüstəmovun banklar üzərində mövqeyi güclü olduğu dönəmdə Xalq Bank, NBC Bank federasiyaya maliyyə dəstəyi verirdi. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaradılandan sonra (2016) buna son qoyuldu. MNBP ötən ilin sonunda ləğv olunduğundan, ola bilsin, yenidən AŞF üçün banklar arasında yeni sponsor tapıldı.

Şahmatımıza könüllü sponsorluq edənlər arasında işadamı Gülağa Qənbərovu (Tənha) xüsusi vurğulamaq lazımdır. 2000-ci illərin əvvəllərində bir sıra yarışları maliyyələşdirən, “şahmat tacını” Azərbaycana gətirməyi arzulayan Qənbərov federasiyanın dırnaqarası əməyi sayəsində bu işdən uzaqlaşmışdı.

“Ayırdığım pulların düzgün xərclənməsinə şəxsən özüm nəzarət edirdim. Teymur Rəcəbov, Vüqar Haşımov, Şəhriyar Məmmədyarov hər ay məndən 500 manat təqaüd alırdılar. Bütün bunlara baxmayaraq, Şahmat Federasiyasının rəhbərliyi mənə təklif etdi ki, ayırdığım vəsaiti onlara yönəldim. Sonra gördüm ki, ayrılan pullar şahmatçıların inkişafına yönəlmir, kimlərinsə cibinə gedir. Hesablama Palatasının yarıtmaz fəaliyyəti bu cür halların baş verməsinə gətirib çıxarır. Bundan sonra küsdüm və bu fəaliyyəti dayandırdım” – tanınmış işadamı müsahibələrinin birində demişdi. 

Maliyyə hesabatından uzaq qaçan federasiya

Azərbaycan Şahmat Federasiyasını maliyyə məsələsində sirli qutu kimi təsvir etmək tam yerinə düşərdi. Bura ayrılan vəsaitin necə xərcləndiyini vitse-prezidentlərdən başqa dəqiq bilən yoxdur. AŞF tərəfindən indiyə qədər bircə dəfə də gəlir və xərclərin hesabatı tərtib olunmayıb. Ya bunu əhəmiyyətsiz iş sayıblar, ya da iz itirməyə çalışıblar.Halbuki prezidenti Elman Rüstəmov olan federasiya maliyyə şəffaflığı məsələsində ən öndə olmalı idi. Amma Mərkəzi Bankın sədri federasiyada oturan idarəçilərə bir maliyyə hesabatı hazırlamağı öyrədə bilməyib. Əvəzində Elman Rüstəmovun "tutmayan proqnozlar" sindromu vitse-prezident Faiq Həsənovda kəskinləşməyə başlayıb. Faiq müəllim 2007-ci ildən federasiya üçün rəsmi sayt hazırlandığından danışır, fəqət nəticəsi yoxdur.

a23

Gənclər və İdman Nazirliyi tərəfindən ayrlan büdcə təyinatı üzrə təlim-məşq toplanışları və şahmatçıların turnirlərə yola salınmasına sərf olunmalıdır. Lakin AŞF şahmatçılar üçün sonuncu təlim-məşq toplanışını Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasından (2016) öncə təşkil edib. Paytaxt və Qəbələdə baş tutan toplanışların nə dərəcədə effekt verdiyini görmək üçün nəticələrə baxmaq kifayətdir. Başlanğıc reytinqdə 4-cü olan kişilərdən ibarət yığma yekunda 12-ci yeri tutmuşdu. Təlim-məşq toplanışlarının əhəmiyyətini konkret misallarla göstərək. 2019-cu ildə Fransada 8 hindistanlı şahmatçıya tanınmış qrossmeyster Vladmir Kramnik təlim-məşq keçmişdi. Toplanışda iştirak etmiş Rameşbabu Praqqnanandhaa 3 ay sonra 18 yaşadək şahmatçılar arasında dünya çempionu tituluna sahib çıxdı. Raunak Sadvani isə "Grand Swiss 2019" turnirində parlaq çıxış edərək ölkəsinin 65-ci qrossmeysteri oldu. AŞF isə uzun illərdir təqvim planına təlim-məşq toplanışları salsa da, bu, kağız üzərində qalır. GİN pul ayırır, sponsor dəstəyinin olduğu deyilir, amma toplanış adına ortada heç nə yoxdur.

2017-ci ilin noyabrında Azərbaycanın kişilərdən ibarət yığma komandası 3-cü dəfə Avropa çempionu oldu. Bu münasibətlə prezidentin ehtiyat fondundan şahmatın inkişafı üçün 1 milyon manat ayrılmışdı. Dekabr ayında isə Hindistanda kadetlər arasında Ümumdünya Olimpiadası keçirildi. 16 yaşlı şahmatçılarımızı turnirə göndərmək üçün yalnız təyyarəyə bilet almaq lazım idi. AŞF nədənsə buna pul tapmadı (!). Siyasətlə yanaşı, idman arenalarında da prinsipial rəqibimiz olan Ermənistanın yeniyetmə şahmat komandası isə həmin turniri 4-cü pillədə tamamlamışdı. Azərbaycan, həmçinin 14-18 yaşadək şahmatçıların dünya çempionatına qatılmadı. Başqa sözlə, federasiya zəka ustalarımızın yol xərcini qarşılamaqda yenə aciz qaldı. Halbuki həmin ildə Gənclər və İdman Nazirliyi şahmata ayrılan büdcəni 50% artırmışdı. Görəsən, 1 milyon və nazirlik tərəfindən ayrılan vəsait harda əridi ki, ilin sonunda keçirilən vacib turnirlərdə iştirakdan imtina olundu? Bunun üstündən sükutla keçən Faiq Həsənov Prezidentin şahmatın inkişafına ayırdığı puldan özünə 100 min manat mükafat yazmağı unutmamışdı.

20 manata İD kod və pulu çatmayan iranlılar

FİDE məşqçisi, qrossmeyster Azər Mirzəyev federasiyanın maliyyə ilə əlaqəli işlərdə anlaşılmaz qərarlar verdyini deyir.

“Məlumdur ki, FİDE-nin rəsmi saytında şahmatçıların adının qarşısında identifikasiya kodu (İD kod) qeyd olunur. Bu kodun açdırılması pulsuzdur. Amma Şahmat Federasiyası analoji proseduru öhdəsinə götürdüyünə görə hər şahmatçıdan 20 manat alır. Buna oxşar hadisələr dəfələrlə olub. Bir müddət əvvəl təcrübəli şahmat təlimçisi Cəmaləddin Bəhlulov bildirmişdi ki, Rusiyada yaşayan azərbaycanlı tələbəsi AŞF-ni təmsil etmək istədiyinə görə ondan 750 manat ödəniş tələb olunub. Halbuki FİDE-nin buna görə təyin etdiyi rüsum 250 manatdır. Vaxtilə tələbəm olmuş Ayan Allahverdiya ikiqat Avropa çempionudur və buna əsasən FİDE Ustası dərəcəsinə layiq görülüb. Federasiya bu dərəcənin rüsumunu – təxminən 150 manatı ödəməyi şahmatçının öz üzərinə qoyub. Baxmayaraq ki başqa vaxt şahmata qayğıdan ağız dolusu danışılır”.

Daha bir məqam 2019-cu ildə keçirilmiş “Baku Open” turniri ilə bağlıdır. Yarışda 150 iştirakçının 17-si əcnəbi olub. Onlardan cəmi 4 nəfər pul mükafatı almaq üçün tələb olunan yerləri tutublar. Amma AŞF İran təmsilçiləri Mehdi Qulami (500), Bərdiya Daneşvar (300) və Bərdiya Veysinin (200) qazandığı vəsaiti verməyib. Səbəb kimi İran banklarına qarşı sanksiyalar göstərilir. Federasiya isə pulu yalnız bank hesabına köçürməkdə israr edib. Nəticədə iranlı zəka ustaları vətənlərinə əliboş dönməli olub. Mükafat bir yana qalsın, “Baku Open” onların şəxsi büdcəsinə ziyan vurub. 10 gün ən ekonom formada hoteldə qalmaq 400 AZN-ə qədər xərc deməkdir. Qidalanma və yol pulu ilə birlikdə hesablandıqda turnirdə iştirak cənub qonşumuzun şahmatçılarına 600-800 AZN-ə başa gəlib. Bundan əlavə, başlanğıc reytinqdə 6-cı olan Əmirreza Purramazanəli yekun cədvəldə 20-ci pillədə qərarlaşaraq qrossmeyter normasını yerinə yetirə blməyib. Bir sözlə, İran şahmatçıları həm reytinq xalı, həm də pul itirib. AŞF isə qəlbi qırılmış qonaqların haqqını vermədən yola salıb.

Mövzu ilə bağlı AŞF-nin vitse-prezidenti Mahir Məmmədovun fikrini öyrənməyə çalışdıq. Federasiya rəsmisi bu məsələyə və “Baku Open”lə əlaqədar digər detallara konkret münasibət bildirmədi. 

"Hər hansı şərh verə bilmərəm. Məncə, şahmatçı mükafatını almaqla bağlı problem yaşamamalıdır. Vergi Nazirliyindən iddia olunsa, 10% vergi tutula bilər. Yaxud şahmatçılar aldıqları məbləğdən könüllü vergilərini ayırar. Mən federasiyanın gündəlik işləri ilə məşğul olmuram. İD kod açmaq üçün nə edildiyindən xəbərim yoxdur” – M.Məmmədov qeyd etdi.

AŞF-nin digər vitse-prezidenti Faiq Həsənov saytımıza açıqlamasında “Baku Open-2019” turnirində 3 iranlı şahmatçının pul mükafatını almadığını təsdiqləyib. O, turnirin əsasnaməsinə görə mükafatlardan tutulan 10 faizlik vergiyə də aydınlıq gətirib.

"Doğrudur, İran banklarına sanksiya tətbiq olunduğundan 3 şahmatçı mükafatını ala bilməyib. Biz İran Şahmat Federasiyasına yazdıq ki, pulu köçürə bilərik. Onlar razı olmadılar. Danışdıq ki, oktyabrda keçiriləcək "Naxçıvan Open" turnirində pulları onlara çatdıraq. İranlı şahmatçıların orda iştirakı planlaşdırılır".

Bizdə hələ vergi azdır. Xaricdə 20-25% tuturlar. "Baku Open" turnirində tutulan vergi dövlət büdcəsinə gedir. Federasiyanın hesabından şahmatçının bank hesabına köçürmədə 10% vəsait çıxılır. Bizim Respublikada qanun var. Qazanılan pul mükafatı nağd, əldən-ələ verilmir. Hamısı köçürmə yolu ilə olmalıdır. Şahmat Federasiyasının prezidenti cənab Elman Rüstəmov həm də Mərkəzi Bankın sədri olduğundan bu proseduru birinci özümüzdən başlamışıq. Təqaüdlərdən, stipendiyalardan tutmuş bütün ödəmələr bu sistemlə həyata keçirilir".

“Nə qədər mən varam, heç kimə haqsızlıq oluna bilməz"

Faiq Həsənov quruma yönəlmiş digər ittihamlara da cavab verib. O, federasiya tərəfindən heç kimin haqqının tapdalanmadığı, haqsızlıq olunmadığını dedi.

"Ayan Allahverdiyeva ötən il Avropa çempionu olub. Həmin vaxta qədər o, FİDE ustası deyildi. Bizdə qanun belədir. Avropa, dünya çempionatının mükafatçıları dərəcəyə görə rüsum ödəməkdən azad olunur. Heç vaxt imkan vermərəm ki, Avropa çempionu sözügedən rüsumu özü ödəsin. Bir misal gətirim. Türkiyədə Nərgiz Kazımova (red. əslində Nərmin Kazımova) adlı şahmatçımız yaşayır, beynəlxalq qrossmeysterdir. Həyat yoldaşı Misrətdin İsgəndərov hazırda Türkiyədə məşqçilik edir. Onun anası mənə zəng edib dedi ki, Nərgiz qrossmeyster normasını ödəyib. Büna görə 300-400 avro ödəmək lazımdır. Dedi ki, qızımı tanıyırsız, indi Azərbaycanda yaşamır. Mümkündür ki, həmin vəsaiti federasiya ödəsin? Dedim, Nərgizi tanıyıram, milli komandanın üzvü olub. Ona görə güzəşt edib ödənişi üzərimizə götürərik. Yalan söhbətdir ki, titul qazanmış şahmatçını FİDE rüsumu ödəməyə məcbur edək.

A3

İD koda gəldikdə, hər şahmatçı həyatında bircə dəfə onu açdırmaq üçün pul ödəməlidir. Bütün dünyada belədir. Biz kod açılmasına görə şahmatçıdan 20 AZN alırıq, FİDE-yə isə 20 avro veririk. Yəni quruma ikiqat artıq ödəyirik. Elə adam yoxdur ki, ona qarşı nəsə qanunsuz bir şeyə yol verək. Nə qədər mən varam, heç kimə haqsızlıq oluna bilməz".

Belə nəticəyə gəlmək olar ki, AŞF-nin qarşısında duran əsas məsələ maliyyə hesabatları hazırlamaqdır. Bununla şəffaflıq təmin olunar, bir sıra şübhələr aradan qalxardı. 2016-cı ildə Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası ətrafında bəzi müzakirələr hələ də davam edir.

Olimpiadanın Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov olub. Onun komandası 2 il ərzində 3.4 min manat maaş alıb. Təşkilati işlərdə 400 könüllüdən istifadə olunsa da, iştirakçılarla şəkil çəkdirmək üçün Rusiyadan məşhurlar dəvət olunub. Olimpiadanın baş hakimi funksiyasını Faiq Həsənov icra edirdi. FİDE-nin hakimlərə təyin etdiyi qonorar 1000/2000 avro olsa da, azərbaycanlı hakimlərə 700/1000 manat verilib. Başqa sözlə, hazırlanan maliyyə hesabatlarına nəzarət də böyük əhəmiyyət kəsb edir.

Nümunə kimi büdcə və xərcləri barədə illik hesabat verən Türkiyə Şahmat Federasiyasını göstərrmək mümkündür.  AŞF prezidenti Elman Rüstəmovun şahmat oynamaqla arası olmasa da, mühasibat uçotuna yaxşı bələddir. Mərkəzi Bankın sədri ən azından mütəxəssisi olduğu sahədə işləri yoluna qoymalıdır ki, Şahmat Federasiyasının bərbad imici biraz düzəlsin.