OFFSİDE Sport Media Azərbaycanda şahmatın hazırki durumu haqqında silsilə yazılarını davam etdirir. Bu dəfə Respublikada şahmatın inkişafı üzrə qəbul olunmuş dövlət proqramı, onun icrasında yol verilən nöqsanlara toxunmağa çalışacağıq.

 

Azərbaycanın şahmat üzrə reallaşdırdığı ilk

Milli şahmata dövlət səviyyəsində qayğı hələ SSRİ zamanından göstərilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi çalışdığı illərdə Heydər Əliyev ölkədə şahmat məktəblərinin açılması, Şahmat Federasiyasına lazımi dəstək verilməsi üçün əlindən gələni əsirgəməmişdi. Bu yol müasir dövrdə layiqincə davam etdirilir. Prezident İlham Əliyev digər növlər kimi şahmatı da diqqətdən kənarda qoymur, beynəlxalq turnirlərdə yüksək nəticələrə imza atan zəka ustalarımızı mütəmadi qəbul edir. 2007-ci ildə Prezident "Azərbaycanda şahmatın inkişaf etdirilməsi" Dövlət Proqramının hazırlanması haqqında Sərəncam imzalamışdı. Aidiyyatı qurumlar tərəfindən formalaşdırılan işçi qrupu proqramın layihəsini təqdim etdikdən sonra ölkə rəhbəri “2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramını təsdiq etmişdi.

A23 copy

Dövlət Proqramının əsas məqsədi şahmat və onun infrastrukturlarının inkişafı, dünya səviyyəli şahmatçı, məşqçi və hakimlərinin hazırlanmasını təmin etmək idi. Şahmatın inkişafına nail olmaq üçün ümumtəhsil məktəblərində onun fənn kimi tədrisi, Azərbaycan dilində müvafiq dərs proqramı, metodik vəsait və tövsiyələrin hazırlanması, şagird və tələbələrin arasında çempionatların təşkili, mütəxəssislərin təlimat üzrə sistemlərin təkmilləşdirilməsi nəzərdə tutulurdu. Dövlət Proqramı həyata keçirilməsindən gözləntilər Azərbaycanda təhsil müəssisələrində şahmatla məşğul olan uşaq və gənclərin çoxalması, beynəlxalq miqyasda vətənimizi təmsil edəcək peşəkar şahmatçıların sayının artması idi. Proqramın maliyyə təminatı qismində dövlət büdcəsindən ayrılmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr göstərilirdi. Dövlət Proqramı 5 istiqamət üzrə tərtib edilmiş Tədbirlər Planı vasitəsilə həyata keçirilməli idi. Azərbaycan şahmatın inkişafı üzrə dövlət proqramı qəbul edən ilk ölkə kimi tanınsa da, onun icrası natamam və səthi oldu. AŞF nəzərdə tutulan tədbirlər üçün təkliflər verməli olduğu halda vaxtı xeyli israf etdi. Federasiyanın prezidenti Elman Rüstəmov da dolayı yolla bunu etiraf etdi və işlərin yarımçıq görüldüyünü təsdiqləmiş oldu.

Gecikən dərslik və ləng tərpənən federasiya

"Şahmatın inkişaf etdirilməsi" Dövlət proqramına görə respublikanın bir sıra ümumtəhsil məktəblərində şahmat fənninin tədrisinə başlanmalı idi. Amma lazımi dərslik və metodik vəsaitin hazırlanması gecikdi. Yalnız 2013-cü ildə II, III və IV siniflər üçün 31134 nüsxə "Şahmat" dərslikləri çapdan çıxdı. 2013/14 tədris ilində 64 rayon və şəhərdən 133 məktəbdə pilot layihə kimi şahmat dərsləri keçirilmişdi. Həftədə 1 saat tədris olunan fənnin müsbət tərəfi məktəbli uşaqlarda şahmata marağın artması olmuşdu. Bunu məktəblərdən birində təhsil alan şagirddən öyrəndik. Məlum oldu ki, ilk vaxtlar dərslərə bəzi valideynlər də qatılırmış. Ancaq tədricən şagirdlərin fənndən soyuması müşahidə edilib. Əsas səbəb kimi müəllimin peşəkarlığı göstərildi.

4 copy

Əlbəttə, Təhsil Nazirliyi tərəfindən təşkil olunan qısamüddətli kurslara göndərilən sıravi müəllimdən dərin şahmat bilikləri tələb etmək sadəlövhlükdür. Bəzi məktəblərdə isə fənn üçün müəllim və maaş ayrılsa da, dərs keçilməyib. Şahmat Federasiyası ixtisaslı kadr məsələsində köməklik göstərsə, nəticələr daha yaxşı olardı. Qurumun-vitse prezidenti Faiq Həsənov bir müsahibəsində bildirmişdi ki, rayonlardakı idman məktəblərinin müəllimlərini bu iş cəlb etməkdən ötrü Təhsil naziri ilə görüşəcək. Nazirliyin mətbuat xidmətinə müraciət etsək də, bu barədə məlumat ala bilmədik. Bu təklifə hansı tərəfin “yox” dediyi naməlum olsa da, nəticə göz önündədir. Şahmatın tədris prosesi, dərslərin keyfiyyətinə nəzarət isə bir sıra xoşagəlməz halların miminuma enməsinə şərait yaradardı. Lakin zəruri nəzarət tədbirləri də həyata keçirilmədi.

Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrdən biri şahmat sahəsində qabaqcıl texnologiyaların, kompüter və kompüter proqramlarının tətbiqi işini sürətləndirmək idi. Lakin bir rəsmi sayt açmaqda aciz olan federasiyanın bu tapşırığın öhdəsindən gəlməsi inandırıcı deyildi. AŞF öncədən verilən bədbin proqnozları doğrultdu.

Kağız üzərində qalan planlar

“2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər planına nə dərəcədə əməl olunduğuna nəzər salaq.

Plan: Normativ hüquqi bazanın təkmilləşdirilməsi. Tədbirin adı: Hər bir yüksək dərəcəli şahmatçı üçün fərdi inkişaf proqramının hazırlanması. AŞF və Gənclər və İdman Nazirliyinə həvalə olunan bu tapşırıq yerinə yetirilməyib. Azərbaycanın istedadlı və perspektivli şahmatçıları yenə taleyin ümidinə buraxılıb. Federasiya Respublika çempionatında nəticə göstərənləri beynəlxalq yarışlara göndərməklə işini bitmiş sayır. Şahmatçıların fərdi proqram, məşqçi ilə təmin olunmasından söhbət belə gedə bilməz.

Plan: Şahmatın inkişafı sahəsində fəaliyyətin təşkili və idarə olunması. Tədbirin adı: Respublika Olimpiya İdman Liseyində şahmat bölməsinin açılması. 2000-ci ildən hazırki adını alan internat məktəb GİN-in balansındadır. Maraqlıdır ki, Liseydə şahmat bölməsi hal-hazırda da yoxdur. Yəni xüsusi əmək sərf etmədən reallaşması mümkün olan iş diqqətdən kənarda qalıb.

Tədbirin adı: İdman ustalığının artırılması məqsədilə qabaqcıl şahmatçıların şahmatın inişaf etdiyi ölkələrə ezam edilməsi, dünyanın tanınmış ustalarının Azərbaycan Respublikasına dəvət olunaraq istedadlı şahmatçılarla məşqlərin və oyun seanslarının təşkil olunması. Bunu AŞF və GİN tərəfindən ciddiyə alınmayan növbəti məsələ hesab etmək olar. Elman Rüstəmovun AŞF prezidenti olduğu 13 il ərzində şahmatçılarımızın təlim-məşq toplanışı və ya əcnəbi ustaların iştirak etdiyi "master-klass"lar yox dərəcəsindədir.

Tədbirin adı: Qrossmeyster məktəblərinin təşkil edilməsi. Şahmat həvəskarları və mütəxəssisləri şahmat məktəbləri və idman məktəblərinin birləşdirilməsini tənqid edirlər. Bunun federasiya tərəfindən gündəmə gətirilməməsi narazı insanların sayını daha da artırıb. Əlçatan məsələdə süstlük göstərən qurumun qrossmeyster məktəblərin təşkilinə qol qoyacağı inandırıcı deyil. Vaxtilə tanınmış şahmatçı Rauf Məmmədov müsahibə verərəkən bildirmişdi ki, Azərbaycanda qrossmeyster yetişdirən məktəb yoxdur. Bu açıqlama isə federasiyanın idarəçilərini qıcıqlandırmışdı.

Plan: Şahmatın maddi-texniki bazasının möhkəmləndirilməsi. Tədbirin adı: Şahmat Sarayının tikintisi. Sarayın tikitinsinə 2013-cü ildə başlamaq planlaşdırılırdı. Bunun üçün investisiya xərclərindən 300 min manat ayrılmışdı. Mərkəzi Bank, AŞF və GİN arasında aparılan müzakirələrin isə nəticə vermədi.

Plan: Elmi-metodiki və informasiya təminatı. Tədbir: milli yığma komandaların psixoloqlarla təminatı. Dünyanın məşhur qrossmeysterlərinin komandasına mütləq psixoloq daxildir. Azərbaycanda isə qəbul olunmuş Dövlət Proqramı belə sözügedən problemi yoluna qoymadı. Bunu Səhiyyə Nazirliyi və GİN icra etməli idi.

Proqrama əsasən şahmat üzrə Azərbaycanın klub komandasının yaradılmasını qeyd etmək olar. Düzdür, “SOCAR Azerbaijan”, “Odlar Yurdu”, “Vüqar Həşimov” klubu Avropa çempionlar kubokunda uğurla mübarizə aparıb. Amma “SOCAR Azerbaijan” və “Odlar Yurdu” federasiya ilə birbaşa bağlı klublardır. “Vüqar Həşimov” klubu isə mərhum şahmatçının adını daşıyan fond tərəfindən maliyyələşir. Müstəqil şahmat klublarının beynəlxalq yarışlarda iştirakı çox zəifdir.

REEEEE

Azərbaycanda peşəkar şahmat klubları arasında liqa çempionatı uzun illərdir yoxdur. Federasiya tərəfindən unudulan klublar isə müstəqil surətdə təsnifat dərəcə turnirləri, “master-klasslar”, əlamətdar günlərə həsr olunmuş yarışlar təşkil edirlər. Halbuki əhali və ərazisinə görə Azərbaycandan dəfələrlə geri qalan Sinqapur, Lüksemburq, Kosovo, Monteneqro kimi ölkələrdə şahmat üzrə klub çempionatı keçirilir.

2016-cı ildə Gənclər və İdman Nazirliyi şahmatın inkişaf etdirilməsi üzrə Dövlət Proqramının yekunlaşdığını elan etdi. Nazirlik onun icrasını qənatbəxş qiymətləndirdi. Lakin bəzi işlərin həyata keçirilməməsinin səbəbləri açıqlanmadı.

Azərbaycanda alınmayanı onlar bacardı

Azərbaycan dünyada şahmatın inkişafı üzrə Dövlət Proqramı qəbul etməkdə ilkə imza atsa da, Qafqazın digər 2 respublikası layihələrinin effektivliyi baxımından bizi xeyli qabaqladı. Gürcüstanda “2015-2018-ci illərdə şahmatın inkişafı” Dövlət Proqramı uğurla icra olundu. Onun əsas məqsədi orta təhsil müəssisələrində şahmatın kütləviliyinə nail olmaq idi. Tədbirlər planı çərçivəsində Şahmat Federasiyası Gənclər və İdman Nazirliyi ilə birlikdə 2 və 3-cü siniflər üçün ikiillik elektron proqramlar işlənib hazırladı. Dərslərin keçilməsi beynəlxalq turnirlərin mükafatçıları olan şahmatçılara həvalə olundu. Şagirdlərin nəzəri-metodik materialların mənmsənilməsinə diqqət yetirilirdi. Qonşu respublika dövlət proqramının bəhrəsini görməkdədir. Rumıniyanın Mamay şəhərində keçirilən məktəblilər arasında Avropa çempionatında Gürcüstanın 7 yaşadək oğlanlar və 9 yaşadək qızlar arasındakı təmsilçisi qızıl medala yiyələnmişdi.

Ermənistanda da müasir tələblərə cavab verən Şahmat Akademiyası var. O, 2002-ci ildən fəaliyyət göstərir. Ölkə çempionatında nəticə qazanmış 10-18 yaşadək şahmatçılara burda pulsuz məşqlər keçilir. Akademiyaya 4-9 yaş kateqoriyası üzrə uşaqların qəbulu da mümkündür. 2011-ci ildə Ermənistanda şahmat fənninin tədrisi bütün orta məktəblər üçün məcburi oldu. Hökumət tərəfindən dərsliklər, vəsaitlər və ixtisaslı mütəxəssislər hazırlanması, şahmat ləvazimatları əldə etmək üçün təxminən 470 min dollar ayrılmışdı. Təhsil Nazirliyinə şahmat avadanlığı  ilə təmin olunmasına isə 1 milyon dollrdan çox pul xərclənmişdi. 3 mindən artıq ixtisaslı şahmat müəllimi tədris prosesinə cəlb olunmuşdu. Dövlət tərəfindən şahmatın inkişafı üçün görülən işlər nəticəsiz qalmadı. Bugün qrossmeyster Levon Aronyanın davamçısı ola biləcək onlarla gənc erməni şahmatçı var.

2018-ci ildə Yerevanda Şahmat Elmi-Tədqiqat İnsitutu açıldı. Bu müəssisədə tədris prosesinə şahmatın təsiri araşdırılır. Federasiya istedadlı uşaqların üzə çıxarılması üçün şahmat məktəbləri ilə sıx əməkdaşlıq edir.

AAA

Belə nəticəyə gəlmək olar ki, AŞF Dövlət Proqramının həyata keçirilməsində ondan tələb olunan vəzifəni yerinə yetirə bilməyib. Reallaşdırılan bəzi planlar isə "estetik bəzək" rolunu oynayıb və qısamüddətli uğura hesablanıb. Bədii dildə desək, “yarımçı papaqçılıq” prinsipi ilə fəaliyyət göstərilib. Azərbaycan prezidenti İlham Əliyev 2013-cü ildə Avropa çempionu olmuş kişilərdən ibarət millinin üzvlərini qəbul edərkən bildirmişdi ki, şahmatın inkişafı dövlət siyasətinin tərkib hissəsidir. Şahmat üzrə Dövlət proqramının hazırlanması məhz bundan qaynaqlanırdı. Proqramın nəticəsi olaraq şahmatın populyarlaşması, cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiqi nəzərdə tutulurdu. Lakin rəqəmlər tam əksini deyir.

Statistikaya görə, 2000-2014-cü illər ərzində şahmatla məşğul olanların sayı 20%-ə qədər azalıb. Dövlət Proqramının icra olunduğu 2009-2013-cü illərdə isə peşəkar şahmatçıların sayında 17% və yaxud 8.3 min nəfər azalma müşahidə edilib. Yerli şahmatçıların xarici ölkələrə üz tutması və ya şahmatdan erkən uzaqlaşması yuxarıdakı təəssüf doğuran statistikanın üzə çıxmasına səbəb olub. Bunun günahkarı şahmat təsərrüfatında qeyri-sağlam sistem yaratmış federasiyanın “üç muşketyoru”dur. Əlbəttə, onların heç biri dövlətin şahmata göstərdiyi qayğı fonunda zəka ustalarımızın kütləvi olaraq ölkəni tərk etməsi barədə heç vaxt danışmayıb. Şahmatın inkişafı üzrə Dövət Proqramının hansı səbəblərdən hədəfə çatmamasına aydınlıq gətirmək isə AŞF ilə yanaşı, Gənclər və İdman Nazirliyinin də öhdəsinə düşür.