OFFSİDE Sports Media Azərbaycan şahmatının problemləri ilə bağlı silsilə yazılarını davam etdirir. Ötən yazılarda şahmatın ümumi probemləri və qadın şahmatçılara lazımi şərait yaradılmamasına toxunulmuşdu. Ölkəmizdə şahmatın hazırki durumu, narazılıq doğuran faktları təhlil etdikdə məlum olur ki, problemlərin kökü Azərbaycan Şahmat Federasiyasına gedib çıxır.

Şahmat oynamaqla arası olmayan prezident

AŞF Azərbaycanın ən yaşlı idman federasiyalarından biridir. Hələ SSRİ dönəmində 1923-cü ildə Bakı çempionatı adı atında ilk rəsmi turniri təşkil edən qurum respublikamızın müstəqillik qazanmasından sonra yenidən fəaliyyətə başlamışdı. 1992-ci ildən bəri Sabir Rüstəmxanlı (1992-1995), Eldar Namazov (1995-2001), Aynur Sofiyeva (2002-2007) federasiyanın rəhbəri vəzifəsini icra edib. 2007-ci ildən etibarən AŞF prezidenti Elman Rüstəmovdur. Federasiya rəhbərlərinin siyahısından göründüyü kimi, şahmatda parlaq keçmişi olan təkcə Aynur Sofiyevadır. Bir sıra beynəlxalq turnirlərin qalibi olan Sofiyeva 1990-cı ildə FİDE tərəfindən qrossmyester adı almışdı.

Bir vaxtlar Azərbaycan Respublikası Prezidentinin köməkçisi olmuş Eldar Namazov yalnız yeniyetmə yaşlarında qısa müddətdə şahmatla məşğul olub. Hazırki prezident Elman Rüstəmov isə ixtisasca iqtisadçıdır və şahmatla yaxından-uzaqdan əlaqəsi olmayıb. O, AŞF prezidenti seçiləndə, həm də Üzgüçülük Federasiyasında analoji postu tuturdu.

2

Misal üçün qeyd edək ki, şahmatda qabaqcıl ölkələrdən olan Gürcüstanda Şahmat Assosasiyasına 2008-ci ildən Qiorqi (Qiya) Qiorqadze rəhbərlik edir. Elman Rüstəmovdan fərqli olaraq, Qiorqadze yaxın keçmişin tanınmış şahmatçısı, beynəlxalq FİDE hakimi və məşqçisidir. O, 2018-ci ildə 4-cü müddətə Gürcüstan Şahmat Assosasiyasının prezidenti seçildi. Səsvermədə qurum rəsmiləri ilə yanaşı, şahmatçılar da iştirak edirdi. Daha sonra yeni vitse- prezidentlər və baş katib müəyyənləşdi.

Gürcüstan barədə qısa onu demək olar ki, şimal-qərb qonşumuz şahmatın inkişaf strategiyası və onun icrası baxımından bizi xeyli geridə qoyur. Bu ölkədə gənc şahmatçıların yetişdirilməsi yüksək tempdə davam edir. Gürcüstanın uşaq şahmatındakı təcrübəsinə növbəti yazılarda toxunulacaq. Azərbaycan Şahmat Federasiyası və qurumun indiki prezidentinin üzərinə qayıdaq. Elman Rüstəmovun şahmatla əlaqəsini əyani göstərəcək sübut, təəssüf ki, yoxdur. FİDE-nin sabiq prezidenti Kirsan İlümjinovla bir neçə dəfə görüşən cənab Rüstəmovun əvəzinə Gənclər və idman naziri Azad Rəhimov fəxri qonaqla şahmat oynamışdı. 2015-ci ildə Bakıda təşkil olunan Dünya Kubokundan öncə keçirilmiş oyunu AŞF prezidenti kənardan izləməklə kifayətlənmişdi.

Ümumiyyətlə hörmətli Elman müəllimin nə vaxtsa şahmat oynadığını görən olubsa, həmin adamın bəxti çox gətirib (söhbət bir gediş etməkdən getmir). Federasiya rəhbərinin hər il sonu şahmat sahəsində konkret hədəflər, gələcək planlar barədə çıxışına da rastlanmır. Elman Rüstəmovun AŞF prezidenti kimi fəaliyyəti beynəlxalq yarışlara yollanan şahmatçılarla görüşmək, nəticə göstərənlərin mükafatını vermək, rəsmi tədbirlərə qatılmaqla məhdudlaşır. Bəzən bunlar da yarımçıq həyata keçirilir. Belə ki, Elman Rüstəmov üçün xarakterik cəhət onun görüşlər üçün əlçatmazlığıdır.

Müzakirə mövzusuna çevrilən digər məsələ AŞF prezidenti tərəfindən Yasamal rayonunda yerləşən Həmkarlar İttifaqı Respublika Şahmat və Dama Klubunu ”Bank Respublika”nın binasına çevirməsidir. Elman Rüstəmovun klubu başqa ünvana hansı səbəbdən köçürməsi naməlum qalır. İctimaiyyət arasında belə fikir dolaşır ki, “Bank Respublika”da onun da payı var. Belə ki, 2006-2017-ci illərdə "Bank Respublika"nın İdarə Heyətinin sədri olmuş Xədicə Həsənova E.Rüstəmova yaxın adamdır. İstənilən halda bir zamanlar beynəlxalq usta Rəhim Qasımov, qrossmeysterlər Rəşad Babayev, Fərid Abbasov, Azər Mirzəyev kimi şahmatçılar yetişdirən klubun əvvəlki şöhrətini itirdiyi danılmaz faktdır.

Federasiyanın “orkestr adam”ları

İdarəçilikdə əsas çatışmazlıq Şahmat Federasiyasının Əsasnaməsi barədə məlumatın olmamasıdır. Əsasnamə prezidentin hansı müddətə seçilməsi, qurumda vəzifə bölgüsü və s. məqamlara işıq tuta bilərdi. Gürcüstan Şahmat Assosasiyasının prezidentinin 4-cü dəfə seçilməsi fonunda Azərbaycanda isə bu məsələnin necə tənzimləndiyi qaranlıq qalıb. Ona görə Elman Rüstəmov fasiləsiz 13 ildir federasiya prezidentidir. Bu zaman kəsiyində formallıq xatirinə olsa belə, 2-3 seçki keçirmək mümkün idi. AŞF-nin təşkilati strukturu da xaotik və qarışıq təsir bağışlayır. İcraiyyə Komitəsi, İdarə Heyəti, baş katib, icraçı direktor, Mətbuat və İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri kimi vəzifələr bir ad altında ümumiləşdirilib - vitse-prezident. Bu yerdə məşhur "orkestr adam" ifadəsi yada düşür. Düzdür, AŞF-nin Nizamnaməsinə görə qeyd olunan ştatlar var və hesabat-seçki konfransında həmin vəzifələrə müəyyən şəxslər seçilir.  Lakin federasiyada vəzifə bölgüsü formal xarakter daşıyır. Demək olar ki, bütün işlərə vitse-prezidentlər nəzarət edir. Federasiyanın vitse-prezidentləri Faiq Həsənov, Mahir Məmmədov və Seymur Talıbovdur. AŞF-də artıq vəzifə yükünə məruz qalan digər şəxs Azərbaycanın "Əməkdar məşqçi"si, "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" Fikrət Sideifzadədir. Qocaman mütəxəssis 1992-ci ildə qadınlardan ibarət komandamızın, sonradan bütün yığmaların baş məşqçisi təyin olunub. Hazırda qadın komandasının rəhbəri olan Fikrət müəllim beynəlxalq yarışlarda yığma kapitanı kimi də iştirak edir.

Şahmatda de-fakto söz sahibləri

Qurumun vitse-prezidentlərindən Faiq Həsənovun xüsusi təqdimata ehtiyacı yoxdur. Uzun zamandır federasiyada çalışan Faiq müəllim hazırki rəhbərlikdə şahmatı təmsil edən yeganə simadır. Azərbaycanda şahmat haqqında hər hansı məlumat əldə etmək üçün mütləq onunla əlaqə saxlamaq tələb olunur. Bir neçə il öncə AŞF-dən narazılıq edən zəka ustamız Vasif Durarbəylinin atası Faiq Həsənov haqqında “onun icazəsi olmadan federasiyada milçək belə uça bilməz” demişdi. Səsləndirilən həmin fikir AŞF-dəki mövcud durumu anlamaq üçün kifayətdir.

3

80 yaşlı mütəxəssis şahmat hakimi, məşqçisi təcrübəsinə malikdir. O, 1980-ci ildən Beynəlxalq dərəcəli hakimdir. Amma Faiq Həsənov bu sahədəki təcrübəsindən istifadə edərək AŞF-də Hakimlər Komissiyası bölməsinin təşkilinə təşəbbüs göstərməyib. Federasiya hakimlər üçün müntəzəm seminarlar keçirməklə də öyünə bilməz. 2016-cı ildə baş tutan 42-ci Ümumdünya Şahmat Olimpadasından öncə bu məsələdə bir müddət canfəşanlıq göstərilsə də, sonradan hər şey əvvəlki vəziyyətinə qayıtdı. 2019-cu ilin yayında FİDE-nin təşkilatçılığı ilə keçirilən seminarın federasiyanı qış yuxusundan oyadıb-oyatmayacağını isə zaman göstərəcək.

Növbəti vitse-prezident ixtisasca mühəndis olan Mahir Məmmədovdur. Onu SOCAR-ın federasiyadakı nümayəndəsi də adlandırmaq olar. Deyilənə görə, Mahir Məmmədov əsasən maliyyə məsələlərini nizamlayır. O, 2006-cı ildən, həm də ARDNŞ-nin Gürcüstan Nümayəndəliyinin Direktorudur. Məlumdur ki, SOCAR 2008-ci ildən Gürcüstan Şahmat Federasiyasının rəsmi sponsorudur. Bu əməkdaşlıqda vasitəçi kimi M.Məmmədovun rolu böyükdür. Böyük ehtimalla, Mahir müəllim dünya ilə ayaqlaşmağa çalışan Gürcüstan Şahmat Assosasiyasının iş prinsipləri ilə tanışdır. M.Məmmədov yerində sayan AŞF-nin fəaliyyətinə analoji prinsipləri tətbiq etməyə çalışsaydı, nəticəsi çoxdan özünü göstərərdi.

Seymur Talıbov 2019-cu ilin mayında federasiyanın vitse-prezidenti təyin olunub. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğludur. O, daha öncə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri vəzifəsini icra edib.

Azərbaycanlı tanınmış qrossmyester, FİDE hakimi və məşqçisi Azər Mirzəyev federasiyanın hazırki fəaliyyətini aşağı qiymətləndirir. Onun sözlərinə görə, indiki halda hakimiyyət qurumun iki vitse-prezidentinin əlində cəmləşib.

4

"Federasiyanın prezidenti Elman Rüstəmov bu vaxta qədər nə bir şahmatçı, nə məşqçi, nə də valideyni qəbul edib. Bütün məsələləri həll etmək vitse-preizdentlərin öhdəsinə düşür. Onlar isə bunu istədikləri formada həyata keçirirlər. Özbaşınalıq, insanları özününkü və yadlara ayırmaq, qeyri-şəffaflıq federasiya üçün səciyyəvi cəhətlərə çevrilib. Mafiya üsulu ilə idarə olunan qurumda gənc məşqçilərə heç bir şərait yaradılmır. 27 ildir orda eyni adamlar ilişib qalıb. Heç bir islahat və dəyişiklikdən söhbət gedə bilməz. Kağız üzərində bir adam 5 nəfərin işini görür. Kişi və qadın yığmalarına eyni məşqçi rəhbərlik edir. Bu düzgün deyil, hər sahənin öz mütəxəssisi var. Federasiyada şəxsi maraqlar ön planda olduğundan perspektivli kadrları yaxına buraxmırlar. Regionlarla ümumiyyətlə heç bir iş aparılmır”.

Azər Mirzəyevin qeyd etdiyi kimi, federasiyanın bölgədəki şahmat məktəbləri ilə münasibətləri çox zəifdir. AŞF Uşaq-Gənclər İdman məktəbləri ilə işləmək üçün koordinator və ya ayrıca məsul şəxslərə ehtiyac duymur. Beləliklə, bu amil region şahmatı və federasiya arasında uçurumun yaranması ilə nəticələnir.

Rəsmi saytı, mətbuat xidməti olmayan qurum

Şahmat Federasiyasının qarşısında duran digər məsələ ictmaiyyətlə əlaqlərə aiddir. Bu sahədə ciddi problemlər həllini tapmaq bilmir. Federasiyanın vitse-prezidenti Faiq Həsənov kameralar qarşısına adətən AzTV-də keçirdi. O da açıqlama, müsahibə vermək üçün yox. Amma televiziyada yarım əsrə qədər bir müddətdə yayımlanan “Şahmat klubu” verilişinin formatı da AŞF-nin özü kimi köhnəlib. Federasiya isə uzun illərdir bir rəsmi sayt açmır ki, Azərbaycan şahmatı haqqında məlumatlanmaq istəyən yerli və xarici auditoriya faydalansın.

5

Faiq Həsənov hələ 2007-ci ildə əcnəbi saytlardan birinə müsahibəsində bildirmişdi ki, tezliklə federasiya rəsmi saytını təqdim edəcək. Bu sözü sonralar dəfələrə eşidən şahmatsevərlər isə hələ də ümidlə gözləyir. İllər keçir, Şahmat Federasiyası isə bir saytla başa çıxa bilmir. Gənclər və İdman Nazirliyi tərəfindən AŞF-nin rəsmi saytı kimi göstərilən “azerichess.az” isə müasir tələblərə qətiyyən cavab vermir.  Üstəlik saytda sonuncu məlumat 2019-cu ilin dekabrına aiddir. Burda xəbərləri Vitali Safronov yerləşdirirdi. O, 3 ay öncə dünyasını dəyişdiyindən sayt da “boynu bükük” qalıb.

Qurumda mətbuat xidməti rəhbəri də yoxdur. Elə təsəvvür yaranır ki, AŞF informasiyanı əsir saxlayır və ya qiymətli əşya kimi dolabın qaranlıq küncündə gizlədir. Sosial şəbəkədə izləyicilərinin sayı 500-ə çatmayan “Azərbaycan Şahmat Federasiyası” adlı səhifə var. Onu idarə edən(lər) hərdən şahmatçılarımızın iştirak etdiyi turnirlər barədə xəbərlər paylaşır. Daha sonra 20 gün, 1 ay səhifə passiv rejimə keçir. Bu cür qeyri-fəal və yeknəsəq səhifənin özü insanı şahmatdan soyutmaq üçün kifayət edir.

6

Azərbaycan Şahmat Federasiyasında ciddi struktur və kadr dəyişiklyi vacibdir. Yaşlı nəslin gənclərə yol verməsi, qurumun müasir dövrün tələblərinə uyğunlaşması artıq qaçılmaz zərurətə çevrilib. Federasiyada gənclərə az etimad göstərilməsi heç də xoşagələn hal deyil.

Azərbaycan şahmatı haqqında silsilə yazılarımız davam edəcək. Növbəti dəfə ölkəmizdə şahmatın hazırki durumu, uşaq şahmatı mövzusuna toxunmağa çalışacağıq.