OFFSİDE millimizin baş məşqçiləri haqqında silsilə yazılarını davam etdirir. Bu dəfə "millini yerli, yoxsa xarici mütəxəssis çalışdırmalıdır?" sualına cavab tapmağa çalışacağıq.

Milli komandanı çalışdıran əcnəbi məşqçilərin sayı (5) yerli mütəxəssislərdən (11) az olsa da, qazanılan qələbələrə görə mütənasiblik var - 24:24. Rəsmi oyunlarda 15 qələbənin 8-i əcnəbilərin aktivindədir. Maraqlıdır ki, rəsmi oyunlarda Berti Foqts və Robert Prosineçki hərəyə 4 qələbə qazanıb. Onlar millidə ən uzun zaman kəsiyində işləmələri ilə də seçilir. B.Foqts 6 il ərzində 15, R.Prosineçki isə 3 il ərzində 6 qələbə qazanıb. Yerli məşqçilərin millidə 2 ildən artıq çalışmadığı bu baxımdan diqqəti cəlb edir.

1992-2007-ci illər aralığında yerli məşqçilərin nəzərə çarpacaq nəticələr qazanmaması nəsil dəyişkənliyi, oyunçu qıtlığı, şəraitin lazımi səviyyədə olmaması ilə əlaqələndirilir.

3

Millinin keçmiş baş məşqçisi Şahin Diniyev yerli və əcnəbi mütəxəssislərin müqayisəsini düzgün saymır.

“Yerli məşqçilər əcnəbilərdən heç nədə geri qalmırlar. Şans və zaman məsələsi var. Əcnəbi mütəxəssislərin daha faydalı olması fikri N.Yurçeviç misalında özünü doğrultmur. AVRO-2008-in təsnifat mərhələsində biz Ermənistanla oynamadıq. Sona 2 tur qalmış millidən getdim. Həmin vaxta qədər qrupda 5 xal toplamışdıq. Serbiya ilə oyundan (1-6) sonra istefa verdim, ancaq rəhbərlik qəbul etmədi. Dönəmin AFFA prezidenti Ramiz Mirzəyevlə danışdım və mənə seçmə mərhələni başa vurmağı məsləhət gördü. Bu söhbətdən təxminən 10 gün keçmiş R.Mirzəyev vəfat etdi. Mən də millidəki işimə nöqtə qoydum”.

9

Təcrübəli mütəxəsis Ağasəlim Mircavadov isə azərbaycanlı mütəxəssislərin yerli “futbol mətbəxini” daha dərindən tanıdığını düşünür:

“Yerli məşqçilərin əsas fərqləndirici cəhəti odur ki, futbol mentalitetimizə yaxşı bələddirlər. Bu təcrübə istedadlı uşaqları üzə çıxarmaqda, futbolçu yetişdirməkdə çox köməyə gəlir. 90-cı illərin sonunda “Şəmkir”də çalışırdım, eyni zamanda Azərbaycan U-21 yığmasını yaxından izləyirdim. Komandada istedadlı gənclər çox idi. Bəzilərindan sonradan yaxşı futbolçu çıxdı. Zaur Tağızadəni misal çəkə bilərəm. Onun Portuqaliyanın qapısından keçirdiyi topu azarkeşlər hələ də xatırlayır”.

Nikola Yurçeviç mövcud problemlərin daha dərindən qaynaqlandığına, yerli və əcnəbi məşqçi seçiminin millinin performansına ciddi təsir göstərmədiyinə işarə vurdu.

“Bir sıra neytral məşqçilər, mütəxəssislər və futbol şərhçiləri Azərbaycan millisinin daha güclü rəqiblərə qarşı  əzmkar oyunu haqqında pozitiv danışırdı. Təəssüf ki, Azərbaycanda yığma barədə əsasən mənfi danışırdılar. Bəzi saytlar ilk gündən reallıqları nəzərə almadan tənqidlər yazırdı. AVRO-2016-nın seçmə mərhələsində millinin 10 xal qazanmasını qabardırlar. Ancaq 6 xalın həvəskar San Marinodan alınmasını unudurlar. Məndən öncə ölkənin ən yaxşı məşqçisi Qurban Qurbanovun rəhbərlik etdiyi yığma 2 dəfə Malta ilə heç-heçə etmiş, Kosovoya 0-4 uduzmuşdu. Mənə hər şeyi izah etmək üçün bir müsahibə imkanı heç vaxt yaradılmayıb. Xeyli gənc oyunçunu milliyə dəvət etdim. Onlar uzun illər komandaya kömək edə biləcəklər.

10

İşləmək üçün vaxt verilsəydi, əminəm ki, daha yaxşı nəticələr qazanardım. UEFA Millətlər Kubokunun yeni mövsümündə Azərbaycanın rəqibləri AVRO-2020 seçmə mərhələsindəki qədər güclü olmayacaqdı. Avropa futbolunda rəqabət çox yüksəkdir. Nailiyyət qazanmaq bir günün məsələsi deyil. Gənclərlə işləmək böyük önəm daşıyır. Uşaq futbolunun inkişafı üçün proqramlara AFFA tərəfindən yatırım edilməsinə müsbət yanaşıram. Futbolda proqresin yeganə yolu budur. Eyni zamanda daxili çempionatda klubların sayını 10-12-ə qədər artırmaq, yerli futbolçulara daha çox şans vermək zəruridir. Bunlar mərhələləli şəkildə həyata keçirilməlidir".

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov keçmiş yerli mütəxəssis kimi qarşılaşdığı problemlərdən söhbət açdı. O, yerli və əcnəbi statusundan asılı olmayaraq, baş məşqçi seçimində əsas götürülən meyarlar barəsində fikirlərini də bölüşdü.

"90-cı illərdə millimiz Avropada ilk addmlarını atırdı. Həmin vaxt səviyyəli futbolçularımız olsa da, yığmada nəsil dəyişkənliyinə ehtiyac vardı. Şəxsən mənim üçün gəncləri milliyə cəlb etmək əsas məsələlərdən biri idi. Məsləhət verirdilər ki, gəncləşdirmə ilə nüfuzuma xələl gətirə bilərəm. Buna baxmayaraq milliyə yolunu açdığım bir sıra yeni simalar sonralar da futbolumuza layiqli xidmət göstərdilər.

11

1998-ci ildə Macarıstanla oyundan sonra Lixtenşteyn səfərinə yollanmalıydıq. 20 futbolçu üçün Şengen vizası açmaq lazım idi, 4-5 zədəli də vardı. Nəticədə Vadutsa tam heyətlə getmək mümkün olmadı və 1-2 hesabıyla uduzduq. Bu misalı ona görə çəkirəm ki, şərait baxımından həmin dövrlə indini müqayisə etmək düzgün deyil. Təlim-məşq toplanışı az olurdu. Ondan maksimum yararlanmağa çalışırdıq. Futbolçu kasadlığı yox, nəsil dəyişkənliyi müəyyən çətinliklər yaradırdı. Milli komandanın hazırki nəticələri 20-30 il əvvələ nisbətən daha yaxşı olmalı idi. Dünya futbolunda gedən proseslərə ayaq uydurmaq, çatışmazlıqlar üzərində daha çox işləmək vacibdir.

Baş məşqçilərə daha çox vaxt vermək məsələsini rəhbərlik qarşısında müntəzəm qaldırıram. Misal kimi Almaniya millisini göstərmək olar. Orda baş məşqçi nadir hallarda istefaya göndərilir. Müxətəsis öz vicdanı qarşısında hesabat verir, işinin öhdəsindən gələ bilmədiyini düşürsə, postunu tərk edir. Hər bir məşqçiyə işləmək üçün zaman tanımaq, şərait yaratmaq, inanmaq böyük önəm daşıyır. 2005-ci ildə Karlos Alberto Torresdən sonra millini dünya çempionatının seçmə mərhələsində 3 oyuna çıxardım. Yeni müqavilə təklif olunsa da, "yox" dedim. Gücümü nəzərə alıb komandaya yeni nəfəs lazım olduğunu düşündüm. Xarizma, təcrübə baş məşqçi seçimində üstünlük verilən əsas kriteriyalar olmadır. Müasir futbolda hər məşqçi komandanı birləşdirmək, mübarizə ruhu formalaşdırmaq keyfiyyətinə sahib deyil. Sırf prestij və adın yox, bacarığın üzərində dayanmaq lazımdır”.

Q.Qurbanovun çalışdırdığı millimiz UEFA Millətlər Liqasında 2-ci yer tutsa da, bir sıra mütəxəssislər bunu uğur kimi qiymətləndirmir. Püşkatmadan dərhal sonra qrupda əsas rəqib kimi Kosovo qeyd olunsa da, komandamız hər iki oyunda onlara bata bilmədi. Balkan təmsilçisi Azərbaycanın qapısından ümumilikdə 4 top keçirdi və qol buraxmadı. Maltanın da millimizə hər iki qarşılaşmada “badalaq vurması” da futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı.

AVRO-2020-nin seçmə oyunlarında isə püşk millimizi turnirin final mərhələsinin son iştirakçıları – Xorvatiya, Slovakiya, Uels və Macarıstanla üz-üzə qoydu. Bu oyunlara yığmanı baş məşqçi kimi çıxaran N.Yurçeviç də güc nisbətinin əsas amil olduğuna diqqət çəkirdi. Təcrübəli mütəxəssis millinin zəif nəticəsinin səbəbləri sırasında məhdud futbolçu ehtiyatı, bəzi milli üzvlərinin oyun praktikasının azlığı, futbolçuların yüksək gözləntilərə, sıx qrafikdə oynmağa alışmamasını və ölkəmizin zəif futbol imicini göstərir. Q.Qurbanov və N.Yurçeviç fərqli nəticələr göstərsə də, onları eyni fikir birləşdirir. Hər iki mütəxəssis millinin uğur qazanması üçün sıfırdan başlamağı, daxili çempionatda səviyyə və rəqabəti yüksəltmək, işləri mərhələli yerinə yetirməyin vacibliyini qeyd edib.

84149329 191476012256118 5652710692826906624 n

OFFSİDE "Facebook" səhifəsində sorğu keçirib. 3 minə yaxın izləyicinin iştirak etdiyi səsvermədə yerli mütəxəssisə üstünlük verilib - 69%  yerli, 31 faiz əcnəbi.