16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyədə keçirilən Olimpiadanın qalibi olub.

Offsideplus.az xəbər verir ki, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayevadan ibarət milli komanda son turda qələbə sayəsində rəqibləri üçün əlçatmaz olub.

IX turda Çinlə üz-üzə gələn şahmatçılarımız 7-ci görüşlərindən də qalib ayrılıblar. Digər 2 matçda da heç-heçə edən yığma 16 xalla Şahmat Olimpiadasının çempionu adını qazanıb.

Yarışda gümüş medallara Özbəkistan sahib olub. Asiyalılar millimizdən 1 xal geri qalıblar. İlk "üçlüy"ü 14 xalla Belarus bağlayıb.

Qeyd edək ki, 48 iştirakçının qatıldığı Olimpiadada Azərbaycan 2 yığma ilə təmsil olunub. Digər təmsilçimiz Azərbaycan-Naxçıvan turnirdə 9 oyundan 3-də qalib gəlib, 2-də heç-heçə edib və 4-də uduzub.